Həyat hekayələri |Çörək savaşı

Həyat hekayələri |Çörək savaşı
  04 Oktyabr 2013    Oxunub:3373
Səfurə Çərkəzqızı

1980-lər...


Kənddə kimsə sac üstündə yuxa bişirəndə ətri qohum-qonşuya qədər yayılardı. O qoxu burnumuza dəyən kimi ocağın başına yığışardıq. İsti yuxanın arasına motal pendiri, nehrə yağı yaxıb bizə dürmək bükərdilər. Yağ əriyib axanda ağzımızı quş balası kimi açıb, dürməyin altına tutardıq. Sonra da bir diş alıb ləzzətlə yeyərdik. Hələ yarışa da girərdik:
-Görək, kim birinci yeyib qurtaracaq?!
-Mən!
-Yox, mən!
-Sənin dişlərin mırıqdı, hamıdan axıra qalassan!
-Dişi mırıq! Dişi mırıq!
-Mı-rıq! Mı-rıq!
Yarışmaq yadımızdan çıxardı. Bir də görərdik, hamımız dürməyimizi yeyib qurtarmışıq. Könlümüzdən bir dürmək də keçirib ocağa tərəf yüyürərdik...
Qarnımız doyanda dürməyimizi bir daşın, kəsəyin üstünə qoyub oynamağa qaçardıq. Nənəm dalımızca səslənərdi:
-Ay bala, ay uşaq, bu çörəyi niyə belə urvatsız eləyirsiz?! Biz sizin yaşınızda olanda bir tikə çörək tapmırdıq eee..! Yazıq camaat, acından jımıx yeyirdi!
Bu “jımıx” sözü bizi kəmənd kimi nənəmin yanına çəkərdi. Hamımız bir ağızdan sorusardıq:
-Nənə, jımıx nədi?
-Jımıxdı dəə... İndi onu heyvanlara verirlər. Allah sizə o günləri göstərməsin, ay bala!
- Bəs niyə acanda dükandan bulku alıb yemirdiz?
Nənəm başını bulayıb gülümsünərdi:
-Uşağın ağılı-itin ağılı...
Hərdən qəyirman işləməyəndə, çuvallardan un tükənəndə çörəyi mağazalardan alardıq. Bu, ən çox qış aylarında olurdu. O vaxt kəndimizə çörək rayon mərkəzindən gətirilirdi. “Bombu” deyərdik o çörəklərə. Bəzən “bombu” hamıya çatmırdı. Gərək , səhər-səhər -çörək maşını gəlməmiş mağazanın qapısını kəsdirəydin. Evdəkilərin başı işə-gücə qarışanda çörək almağa uşaqları göndərərdilər. Di gəl, növbə tutsaq da, böyüklər bizi adam yerinə qoymazdı:
-Əşşi, çəkil görüm, uşaqsan, yenə gözləyərsən, mən ocağın üstündə yemək qoyub gəlmişəm!
Əllərimizi yuxarı qaldırıb qışqırsaq da, hamıdan axıra qalardıq. Çörək çatmayandasa maşının arxasınca düşüb, palçığa bata-bata, kəndin o biri başındakı mağazaya qaçardıq. Hamımız evə çorəklə dönmək istəyirdik. Bu, bizim ilk ÇÖRƏK SAVAŞIMIZIYDI...

***

1990-lar...
...O, mağazanın qapısından qaranəfəs içəri atıldı. Tünlüyü görcək yerində donub qaldı, ixtiyarsız əllərini dizinə çırpdı:
-Vay dədəm, vay!!!
Gözü qaraldı, divara söykənib dərindən nəfəs aldı. Başından papağını çıxarıb alnının tərini sildi. Heç kəs ona fikir vermirdi. Camaat öz hayındaydı, hamı bir-birini dümsükləyib qabağa keçmək istəyirdi:
-Nəyə görə sən məndən qabağa keçməlisən?! Mənim balam yoxdu?! Üç uşaq dünəndən acdı eey..!
- Mənimki ac deyil?! Çəkil görüm!
- Sən dünən iki çörək alıb getmisən! Amma mən hələ də bir çörək almamışam, səhər saat 5-dən burdayam!
-Soveti bəyənmədiz, başınıza dəysin sizin hökumətiniz!
-Hara itələyirsən, ay arvad?!
-Ay camaat, sakit olun! Belə eləsəz, mağazanı bağlayıb gedəcəm haa..!
- Ayyy...a kişi, ayağımı niyə ayaqlayırsan?!
-Yol verin dəə..!
Yaşlı bir kişi aldığı çörəyi bağrına basıb, canını adamların arasından güclə qurtardı. Paltarları əzilmişdi, gödəkcəsinin düymələri sapdan asılı qalmışdı...
...O, əvvəlcə kişinin əlindəki çörəyi, sonra onun qırışmış, solğun sifətini süzdü. İstədi qocaya yalvarsın, çörəyin yarısını istəsin. Desin, bura gələnə kimi üç mağazadan əliboş qayıdıb, evdə uşaqları ondan çörək gözləyir. Amma qocanın titriyən əllərinə, çəlimsiz bədəninə baxıb fikirindən daşındı. Sakitcə mağazadan çıxdı...
Hələ də qar yağırdı, hava bir az da soyumuşdu. Titrədi, evə getməyəsə üzü gəlmirdi. Beş –altı addım atıb birdən dayandı, yadına yolun üstündəki kafe düşdü. Gözləri işıqlandı:
-Bəlkə..?
...Soyuq, şaxta onun vecinə deyildi. Ürəyi uçunurdu, əlindəki qupquru, para çörəyi sinəsinə sıxıb evinə tələsirdi...

***

2013-çü il...
Paytaxtın ara küçələrindən biri. Küncə düzülmüş zibil qutuları qatardan qırılıb qalan yüklü vaqonları xatırladır. Hər tərəfə zibil dağılıb. Yerə- “vaqon”ların təkərləri altına çörək qırıntıları səpilib. Bir az aralıdasa sellofan torbalarda kiflənib göyərmiş çörəklər üst-üstə qalaqlanıb. İki qadın söhbət eləyə-eləyə zibil qutularına yaxınlaşır:
- Vallah, düz sözümdür, arıqlamısan!
-Ayy...sevindirdin məni! Bir dəqiqə gözlə...
Qadın tələsik əlindəki sellofanlardan birini yükün ağırlığından yana əyilən qutunun üstünə, o birinisə kiflənmiş çörək topasınasarı tullayıb cəld geri dönür.
-Sən canın, döğurdan arıqlamışam?!
- Balamın canı!
- Allah səni şadxəbər eləsin! Neçə aydı, çörək yemirəm...
-Çörəksiz necə qala bilirsən?! Mənim mədəm üzülər...
-Yox, çətini öyrəşənə kimidir, sonra elə asan olur! Əvvəllər mən də sənin kimiydim. Gecələr acından gözümə yuxu getmirdi...
-Mən də sınayım, görüm...
-Mütləq! Çörəyin nə xeyiri var axı? Görmürsən, indi bütün dünya “çörək yeməyin” deyir?!
...Bir gün sonra zibillər daşındı. Amma çörək qırıntıları hələ də yerdəydi, ayaq altında qalıb tapdanmışdı. Sellofan torbalardakı çörəklərin rəngi bir az da qaralmışdı. Kimsə kiflənmiş çörəklərin arasına təzəsini atmışdı...


Teqlər:





Xəbər lenti